#Dünya

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

“Ermənistan hakimiyyəti Moskva ilə əlaqələri kəsmək və Qərblə əməkdaşlığı genişləndirmək xətti götürüb”.

Xəbər Experti xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.

O, İrəvanı Rusiya kapitalı olan müəssisələri ələ keçirməkdə ittiham edib.

Şoyqu xatırladıb ki, 1990-cı illərdə Rusiya Ermənistana iqtisadi və enerji böhranından yayınmağa kömək edib, ölkənin Avrasiya İqtisadi İttifaqında (Aİİ) onillik üzvlüyü ərzində Ermənistan iqtisadiyyatı demək olar ki, üç dəfə böyüyüb.

“Bununla belə hazırkı hakimiyyət Rusiya ilə əlaqələri kəsmək və Qərblə əməkdaşlığı möhkəmləndirmək xətti götürüb”, –  o bildirib.

Şoyqu, həmçinin İrəvanın NATO ilə əməkdaşlığı genişləndirməyə çalışdığını qeyd edib və Ermənistan hakimiyyətini regional inteqrasiya mexanizmlərinə, ilk növbədə Aİİ və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) “istehlakçı münasibətində” olmaqda ittiham edib.
Rusiya Təhlükəsizlik Şurasının katibi ayrıca Ermənistan hakimiyyətinin Rusiya biznesinə münasibəti üzərində də dayanıb: 

“Ermənistanda fəaliyyət göstərən Rusiya biznesinə münasibətdə qeyri-dost xətt və açıq-aşkar ikili standartlar nümayiş etdirilir. Rusiyanın milyardlarla investisiya yatırdığı müəssisə və bütöv sahələrdə baş verənləri “qanunsuz yolla ələ keçirmə” cəhdindən başqa cür adlandırmaq çətindir”. 

Onun sözlərinə görə, İrəvan bununla yanaşı, açıq-aşkar gülünc arqumentlər irəli sürür. Məsələn, Ermənistan dəmir yollarının Rusiya tərəfindən idarə olunmasının ölkənin beynəlxalq dəmir yolu şəbəkələrinə inteqrasiyasına mane olduğu kimi iddialar irəli sürür.

Şoyqu bildirib ki, Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirmək niyyətində deyil. O, Rusiya Prezidenti Vladimir Putinin mövqeyinə istinad edərək qeyd edib ki, İrəvan Avropa İttifaqına üzv olmaqla Aİİ-də gələcək üzvlük arasında seçim etməlidir: 

“Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyə hazır deyil və bunu etməyəcək. Bu istiqamətdə atılan hər bir addımın obyektiv nəticələri var”.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir