“İran ABŞ-la memorandumun qüvvədə olduğunu hesab edir” – Əraqçi
“İran hesab edir ki, iyun ayında ABŞ-la imzalanmış İslamabad anlaşma memorandumu hələ də qüvvədədir”.
Xəbər Experti xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Pekində çinli həmkarı Van İ ilə görüşündə bildirib.
O deyib ki, Tehran Vaşinqtonla münaqişənin diplomatik yollarla nizamlanmasına qayıtmaq niyyətindədir:
“İran münaqişənin davam etdirilməsində maraqlı deyil, diplomatik yolla nizamlanmaya qayıtmağa ümid edir və eyni zamanda öz hüquq və maraqlarını qətiyyətlə müdafiə etmək niyyətindədir. İran tərəfi hesab edir ki, ABŞ və İran arasında anlaşma memorandumu qüvvədə qalır”.
Əraqçi, həmçinin qeyd edib ki, İran Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən irəli sürülmüş və Yaxın Şərqdə ümumi təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş dörd təşəbbüsü dəstəkləyir:
“İran tərəfi Sədr Si Cinpin tərəfindən Yaxın Şərqdə sülh və sabitliyin qorunması, eləcə də regionda ümumi təhlükəsizliyin təmin olunmasına kömək məqsədilə irəli sürülmüş dörd təklifi alqışlayır və dəstəkləyir. İran bu çərçivədə Çinlə əməkdaşlığı gücləndirməyə hazırdır və Çin tərəfinin regionda sülh və sabitliyin təmin edilməsində daha böyük rol oynayacağına ümid edir”.










