Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
“Fiorentina”nın futbolçusu Franko Mastantuono Lionel Messiyə məxsus rekordu yeniləyib.?
Xəbər Experti xəbər verir ki, 19 yaşlı argentinalı A Seriyasının 4-cü turunda “Venesiya” ilə matçda het-trik edib. Qarşılaşma “Fiorentina”nın 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Mastantuono Avropanın “Böyük beşlik” ölkələrinin liqalarında bir oyunda 3 qol vuran ən gənc argentinalı futbolçu olub. O, bu nailiyyətə 19 yaş 28 günlüyündə imza atıb.
ESPN-in məlumatına görə, Mastantuono bu göstəricidə Messidən 231 gün daha gəncdir. Messi klub karyerasında ilk het-trikini 2007-ci il martın 10-da “Barselona”nın heyətində “Real”a qarşı oyunda rəsmiləşdirib.
“Venesiya”nın hesabı açmasından sonra Mastantuono qısa müddətdə iki qol vuraraq komandasını önə keçirib. Argentinalı futbolçu 84-cü dəqiqədə üçüncü qolunu vuraraq het-trikini tamamlayıb.
Qeyd edək ki, bu qollar Mastantuononun “Fiorentina”nın heyətində ilk qolları olub. O, ötən ay “Real”dan bir mövsümlük icarəyə götürülüb.
Mastantuono həmçinin “Fiorentina” tarixində A Seriyasında het-trik edən ən gənc futbolçu olub. O, İtaliya çempionatının tarixində bu göstəriciyə çatan 9-cu ən gənc oyunçudur.










