#Ölkə

Yeni gömrük qaydası

AZƏRBAYCANA GƏTİRİLƏN MALLARIN DƏYƏRİNİN MANATLA BƏYAN EDİLMƏSİ SAHİBKARLARA NƏ VƏD EDİR?

Sentyabrın 3-dən etibarən ölkəyə gətirilən malların gömrük dəyəri Azərbaycanın milli valyutası ilə bəyan edilir. Bununla bağlı Gömrük Məcəlləsində dəyişiklik edilib. Belə ki, malların gömrük dəyəri bəyanetməni həyata keçirən şəxs tərəfindən Gömrük Məcəlləsi və “Gömrük tarifi haqqında” Qanunla nəzərdə tutulan qaydada müəyyən olunur. Malları gömrük məqsədləri üçün dəyərləndirən şəxs onların bəyan edilməsi ilə bağlı sənədləri və məlumatları 3 il ərzində saxlamalı, gömrük orqanları tərəfindən tələb olunduqda, müəyyən edilmiş gömrük dəyərinin dəqiqliyini yoxlamaq üçün bəyanetmə ilə bağlı sənədləri və məlumatları onlara təqdim etməlidir.

Bəs görəsən, gömrük dəyərinin milli valyuta ilə bəyan edilməsi idxal və ixrac əməliyyatlarına necə təsir göstərəcək? Yeni qaydalar qiymətlər necə təsir edəcək?

İqtisadçı ekspert Akif Nəsirlinin sözlərinə görə, gömrük dəyərinin manatla bəyan edilməsi tələbi bir sıra praktiki nəticələr doğura bilər. İdxal və ixrac əməliyyatları baxımından bu dəyişiklik şəffaflığı artıra bilər. Çünki gömrük orqanları dəyərləri birbaşa milli valyutada görəcək və konvertasiya prosesindən irəli gələn anlaşılmazlıqlar azalacaq. Eyni zamanda, valyuta məzənnəsindən asılılıq daha aydın şəkildə görünəcək – manatın xarici valyutalara nisbətən dəyişməsi birbaşa bəyan olunan gömrük dəyərinə əks olunacaq.

Ekspert bildirib ki, əgər məzənnə sabit qalırsa, bu dəyişiklik qiymətlərə birbaşa əhəmiyyətli təsir göstərməyəcək. Çünki hesablama yalnız ifadə formasını dəyişir, əsas iqtisadi məzmunu yox. Digər tərəfdən, manat zəiflədiyi hallarda idxalçılar daha yüksək manat ifadəsində gömrük dəyəri bəyan edəcəklər, bu da gömrük rüsumlarının artmasına, nəticədə isə son istehlakçı qiymətlərinin yüksəlməsinə gətirib çıxara bilər: “Qeyd edim ki, idxal olunan məhsulların maya dəyəri baxımından bu qayda özlüyündə maya dəyərini dəyişdirməyəcək. Lakin gömrük rüsumları manat üzərindən dəqiq hesablandığı üçün valyuta riski daha görünən hala gələcək. İdxalçılar öz qiymət siyasətlərini bu faktora uyğunlaşdırmağa məcbur olacaqlar, xüsusilə də kontrakt məzənnəsi ilə faktiki ödəniş məzənnəsi arasında fərq yarandığı hallarda. Ümumiyyətlə, bu islahat texniki xarakter daşısa da, valyuta sabitliyinin əhəmiyyətini daha da artırır, çünki məzənnə dəyişkənliyi indi birbaşa gömrük hesablamalarında öz izini qoyacaq”.

İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, bugünə kimi, idxal əməliyyatlarının böyük hissəsi xarici valyuta ilə həyata keçirilirdi və gömrük dəyəri əsasən dollarla müəyyən olunurdu. Bu isə məzənnə dəyişiklikləri zamanı eyni məhsulun dəyərinin qısa müddətdə fərqli olmasına səbəb olurdu: “Əvvəl bəyannamələrdə malların dəyəri dollarla göstərilir və Mərkəzi Bankın məzənnəsi ilə manata çevrilirdi. Müstəqil dövlət olaraq sərhəddən keçən malların milli valyuta ilə ifadə edilməsi vacib idi. Bu dəyişiklik idxalçılara əlavə gömrük rüsumu və ya xərc gətirmir. Qərar sadəcə, təqdimat, hesablama və statistikada rahatlıq yaradır, qarışıqlığın qarşısını alır. İdxal qiymətlərində heç bir dəyişiklik olmayacaq, gömrük yoxlamalarında çətinlik yaranmayacaq. Vətəndaşların narahatlığına heç bir əsas yoxdur”.

Gömrük rüsumları və əlavə dəyər vergisi manatla ödənilir. Bu baxımdan daxilolmaların, o cümlədən gömrük dəyərinin milli valyutada müəyyənləşdirilməsi daha məqsədəuyğundur. Digər tərəfdən, burada əsas məsələ yalnız dəyərin hansı valyutada bəyan edilməsi deyil, gömrük dəyərinin düzgün və real müəyyənləşdirilməsidir. Çünki gömrük ödənişlərinin məbləği məhz bu göstəricidən asılıdır. Buna görə yeni yanaşma ilə yanaşı, sahibkarların məlumatlandırılması və gömrük qiymətləndirilməsində şəffaflığın qorunması da vacibdir.

Ümumilikdə, dəyişiklik idxal prosesinin rəqəmsallaşdırılması və standartlaşdırılması istiqamətində müsbət qiymətləndirilə bilər. Sahibkar üçün əsas üstünlük isə gömrük rəsmiləşdirilməsi zamanı hesablamaların daha anlaşılan və proqnozlaşdırıla bilən olmasıdır.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir