Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək
Bu il oktyabr ayında Səudiyyə Ərəbistanının paytaxtə Ər-Riyad şəhərində 9-cu Qlobal Səhiyyə Sərgisi keçiriləcək.
Bu barədə yerli mediaya istinadən xəbər verir.
Qeyd olunub ki, səhiyyə sektorunun sürətli inkişafı və investorlar üçün artan cəlbediciliyi fonunda 2025-ci ildə keçirilən Qlobal Səhiyyə Sərgisinin 8-ci buraxılışı investor bazasının genişləndiyini, elmi tədqiqatlar, innovasiya və səhiyyə xidmətləri sahəsində əldə olunan irəliləyişləri nümayiş etdirib.
Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyinin himayəsi altında keçirilən dörd günlük tədbir “Səhiyyəyə investisiya yatırın” şüarı ilə təşkil olunub. Bildirilib ki, tədbir ölkənin investisiyaları və tərəfdaşlıqları cəlb etmək, səhiyyə sektorunu inkişaf etdirmək və xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq səylərinin bir hissəsidir.
Ötən il imzalanan sazişlərin ümumi dəyəri 133 milyard Səudiyyə rialını ötüb. Özəl sektor subyektləri arasında imzalanan sazişlərin sayı isə əvvəlki sərgilərlə müqayisədə altı dəfə artıb. Tədbirdə 2 200 brend təmsil olunub, dünyanın aparıcı səhiyyə mütəxəssisləri və nümayəndələri arasından 600 spiker iştirak edib, sərgiyə 130 mindən çox ziyarətçi gəlib. Beynəlxalq iştirakçıların sayı əvvəlki buraxılışlarla müqayisədə 54 faiz artıb.
Sərginin 9-cu buraxılışı oktyabrın 26-dan 29-dək Ər-Riyadda Məlhəm bölgəsində yerləşən Riyadh Exhibition and Convention Center-də dünyanın müxtəlif ölkələrindən investorları, innovatorları, tədqiqatçıları, qərar qəbul edən şəxsləri və səhiyyə liderlərini qəbul etməyə hazırlaşır.
Tədbir iştirakçılara investisiya imkanlarını araşdırmaq, tərəfdaşlıqlar qurmaq, təcrübə mübadiləsi aparmaq, həmçinin səhiyyə sahəsində ən son innovasiyalar, texnologiyalar və həllər ilə tanış olmaq imkanı yaradacaq. Proqram çərçivəsində müxtəlif sessiyalar, tədbirlər və ixtisaslaşmış təqdimatlar keçiriləcək.








