“Gəmilərə hücum dayandırmayana qədər İranla danışıqlar aparılmayacaq” – Vens
“ABŞ İranla danışıqlar aparmaq niyyətində deyil, səbəb Tehran tərəfindən kommersiya gəmilərinə hücumların davam etməsidir”.
Xəbər Experti xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib.
Onun sözlərinə görə, Vaşinqton İrana təzyiq göstərmək üçün iqtisadi və hərbi tədbirlərdən tutmuş, gizli əməliyyatlara qədər geniş spektrli vasitələri nəzərdən keçirir.
“Biz onlarla danışmırıq və kommersiya gəmilərinə atəş açmağı dayandırmayana qədər danışmaq niyyətində də deyilik”, – Vens bildirib.
Onun sözlərinə görə, prezident Donald Tramp administrasiyasının Tehrana təsir göstərmək üçün müxtəlif mexanizmləri var:
“Edilə biləcək hər şey siyahıdadır: iqtisadi təzyiq, hərbi təzyiq, diplomatik təzyiq, gizli təzyiq”.
Vitse-prezident administrasiyanın mümkün planlarını açıqlamaqdan imtina edib:
“Bunlar prezidentin sərəncamında olan vasitələrdir. Konkret planlar barədə milyonlarla insanın izlədiyi açıq auditoriya qarşısında danışmaq düzgün olmazdı”.
ABŞ-ın vitse-prezidenti bildirib ki, ABŞ hərbçiləri dinc sakinləri qəsdən hədəfə almırlar. Bununla belə, o, hərbi əməliyyatlar zamanı səhvlərin baş verə biləcəyini etiraf edib.
Vensin açıqlamaları ABŞ ilə İran arasında hərbi qarşıdurmanın yeni mərhələsinin fonunda səslənib. Çərşənbə günü gecə ABŞ hərbçiləri İran ərazisindəki obyektlərə bir sıra genişmiqyaslı zərbələr endirib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının məlumatına görə, hədəflər arasında İslam İnqilabı Keşikçiləri Korpusunun obyektləri, o cümlədən hava hücumundan müdafiə sistemləri, radiolokasiya stansiyaları, dəniz vasitələri və rabitə obyektləri olub.








