Bakida borçali aşiqlarinin konserti olacaq
Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyində həyata keçirilən “Borçalı aşıq mühitini tanıyaq və tanıdaq” adlı layihə çərçivəsində Bakıda Borçalı aşıqlarının konserti təşkil olunacaq.
Bu barədə məlumat verən ictimai birliyin üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent, ustad aşıq Altay Məmmədli bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd aşıq sənətinin inkişafında tarixən mühüm rol oynamış Borçalı aşıq mühiti haqqında ətraflı məlumat vermək, bu mühiti daha geniş müstəvidə təqdim etmək, xüsusən də, bu mühitin aşıqlarına, onların ifalarındakı özünəməxsusluqlara diqqəti cəlb etməkdir.
2026-cı il sentyabr ayının 14-də R.Behbudov adına Dövlət Mahnı Teatrında baş tutacaq tədbirdə Borçalı aşıq mühitini təmsil edən ustad aşıqlarla yanaşı, sənətdə ilk uğurlu addımlarını atan və sabahlarına böyük ümidlər bəslənilən gənclərin də çıxışları nəzərdə tutulur.
Tədbirdə əsasən Borçalı aşıq mühiti aşıqlarının repertuarında zaman-zaman mühüm yer tutmuş aşıq havaları səsləndiriləcək ki, bu da tamaşaçıların zövqünü oxşamaqla yanaşı, bu aşıq mühiti ilə bağlı daha əhatəli bilgi əldə edilməsində, eləcə də, bu mühitin digər aşıq mühitləri ilə qarşılıqlı əlaqəsinin öyrənilməsində mühüm rol oynayacaqdır.
Layihənin rəhbəri “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.








