İqtisadiyyat İnstitutunun baş direktoru Gürcüstanda beynəlxalq elmi konfransda çıxış edib
25–26 avqust 2026-cı il tarixlərində Gürcüstanın Tbilisi şəhərində professor Lütfi Zadənin elmi irsinə həsr olunmuş “Yumşaq hesablama, sözlərlə hesablama, qavrayış, süni intellekt nəzəriyyəsi və tətbiqi” üzrə XIII Beynəlxalq Konfrans – “13th International Conference on Theory and Application of Soft Computing, Computing with Words, Perception, and Artificial Intelligence” (ICSCCW-2026) keçirilib.
Xəbər Experti xəbər verir ki. Beynəlxalq elmi forumun təşkilatçıları sırasında “Zadeh’s Legacy and Artificial Intelligence” Assosiasiyası, Gürcüstan Milli Elmlər Akademiyası, Gürcüstan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Berkeley Initiative in Soft Computing (ABŞ), ABŞ, Kanada və Avropanın bir sıra universitet və elmi mərkəzləri, Polşa Elmlər Akademiyasının Sistem Tədqiqatları İnstitutu, Yaxın Şərq Universiteti ilə yanaşı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu da yer alıb.
Konfransı ICSCCW-2026-nın sədri, professor Rafiq Əliyev açıb. Tədbirdə qeyri-səlis məntiq, yumşaq hesablama və süni intellekt sahəsində tanınmış alimlər iştirak ediblər. Konfransın əsas məruzəçiləri sırasında Polşa Elmlər Akademiyasının professoru Janusz Kacprzyk, Alberta Universitetinin professoru Witold Pedrycz, İstinye Universitetinin professoru Tofigh Allahviranloo, Sakarya Universitetinin professoru Ardashir Mohammadzadeh, Yaxın Şərq Universitetinin professoru Rahib Abiyev və digər nüfuzlu tədqiqatçılar yer alıblar.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., professor Nazim Müzəffərli (İmanov) da konfransın əsas məruzəçilərindən biri olub. O, “Bipolar Measurement in Comparative Economic Research: A Fuzzy Approach and Extended Normalisation” (“Müqayisəli iqtisadi tədqiqatlarda bipolyar ölçmə: qeyri-səlis yanaşma və genişləndirilmiş normallaşdırma”) mövzusunda təqdimatla çıxış edib.
Məruzədə müqayisəli iqtisadi tədqiqatlarda bipolyar qiymətləndirmənin rolu, qeyri-səlis qiymətləndirmə ilə genişləndirilmiş normallaşdırmanın metodoloji xüsusiyyətləri, iqtisadi göstəricilərin [0,1] intervalında qiymətləndirilməsi və nəticələrin linqvistik interpretasiyası məsələləri təhlil olunub. Eyni zamanda, İqtisadiyyat İnstitutunda ölkələr və regionlar üzrə aparılan müqayisəli tədqiqatlarda istifadə olunan yanaşmalar, o cümlədən iqtisadiyyatın liberallıq-dirijistlik balansının qiymətləndirilməsi istiqamətində aparılan araşdırmalar təqdim edilib.
Professor Nazim Müzəffərli konfrans çərçivəsində bir sıra panel və seksiya iclaslarının moderatoru kimi də fəaliyyət göstərib, elmi müzakirələrdə iştirak edib və xarici tədqiqatçılarla gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıb.. Müzakirələr Z-ədədlər, süni intellekt və yumşaq hesablama, qeyri-müəyyənlik şəraitində qərarların qəbulu, maşın öyrənməsi, yüksək tipli qeyri-səlis sistemlər, məlumatların qranulyasiyası və digər aktual istiqamətləri əhatə edib.
Konfransın rəsmi qaydalarına əsasən, elmi ekspertizadan keçərək qəbul olunan məqalələrin Springer nəşriyyatının “Lecture Notes in Networks and Systems” seriyasında dərc olunması nəzərdə tutulur. Bu seriya SCOPUS, SCImago, EI Compendex, INSPEC, DBLP, zbMATH və digər beynəlxalq elmi informasiya bazalarında indeksləşdirilir. Seçilmiş məqalələrin bir sıra SCI jurnallarında nəşr üçün nəzərdən keçirilməsi də planlaşdırılır.
ICSCCW-2026-da iştirak İqtisadiyyat İnstitutunda aparılan müqayisəli iqtisadi tədqiqatların beynəlxalq elmi ictimaiyyətə təqdim edilməsi, yeni elmi əlaqələrin qurulması və institutun beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli olub.








