#Ölkə

Prezidentin Naxçıvan səfəri: inkişafın yeni mərhələsi

Uzun illər blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikası artıq mühüm strateji əhəmiyyətə malik logistika mərkəzinə çevrilir. Azərbaycanın regionda yaratdığı yeni reallıqlar əhəmiyyətli coğrafi mövqeyi olan Naxçıvanın strateji və geoiqtisadi önəmini daha da artırır. 

Naxçıvan daim Azərbaycan Prezidentinin xüsusi diqqət və qayğısı altında olub, blokadanın yaratdığı çətinliklərin aradan qaldırılması, regionun inkişafı, əhalinin rifahı üçün dövlət tərəfindən tədbirlər həyata keçirilib. Prezident İlham Əliyevin siyasəti nəticəsində blokadadan çıxmış Naxçıvan artıq Cənubi Qafqazın ən mühüm geosiyasi məkanlarından və regionun yeni vacib nəqliyyat və iqtisadi qovşaqlarından birinə çevrilməkdədir. Bu baxımdan dövlət başçısının səfəri Naxçıvanın sosial-iqtisadi inkişafında, Cənubi Qafqazda yeni nəqliyyat-kommunikasiya xəritəsinin formalaşmasında əhəmiyyətli bir mərhələ oldu. Prezident bir sıra obyektlərin açılışında iştirak etdi, yeni tikililərin təməlini qoydu.

Dövlət başçısı Azərbaycan Televiziyasına müsahibəsində Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişaf etdiyini, bir çox önəmli layihələr icra olunduğunu, Naxçıvanın ümumi inkişafının təmin edildiyini və Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcəyini bildirib.

Naxçıvanın strateji coğrafi mövqeyinin yaratdığı imkanların tam reallaşdırılması baxımından ən önəmli istiqamətlərdən biri Zəngəzur dəhlizidir. TRIPP adlanan layihənin artıq icrasına başlanılıb. Dəhlizinin reallaşması yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin bərpası ilə məhdudlaşmır, bu, həm də regionun iqtisadi və geosiyasi xəritəsində əhəmiyyətli mühüm dəyişiklik yaradacaq strateji layihədir. Dəhliz çərçivəsində Naxçıvana dəmir yolu bağlantısının bərpası, Türkiyə ərazisində isə Qars-İğdır-Naxçıvan dəmir yolunun tikintisi davam etdirilir.

Politoloq Şəbnəm Həsənova 525.az-a bildirib ki, Naxçıvanın inkişafı sadəcə daxili siyasət, ya da regional kontekstdə dəyərləndirilməli deyil. Bu qədim tarixi diyar geosiyasi və geoiqtisadi baxımdan bugünkü siyasətdə də önəm kəsb edən strateji nöqtədir. Ona görə də regionda baş verən sürətli dəyişikliklər birbaşa Naxçıvanla bağlıdır.

Politoloqun sözlərinə görə, son vaxtlar Naxçıvanda aparılan genişmiqyaslı yenidənqurma işləri muxtar respublikanın inkişafına yeni impuls verib: “Şəhərlər və yaşayış məntəqələri Naxçıvanda modern tələblərə uyğunlaşdırılaraq yenidən formalaşdırılır. Yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılır. Həmçinin sosial siyasət Prezident İlham Əliyevin son dərəcə həssas yanaşdığı məsələlərdən biri olduğundan, sosial obyektlərin yenilənməsi və abadlıq işlərinin genişləndirilməsi Naxçıvanın bu günü üçün deyil, gələcəyi üçün mühüm baza formalaşdırır”.

O bildirib ki, blokada reallığından çıxılması qarşımızda yeni imkan və fürsət pəncərələri açır: “Azərbaycanın əsas hissəsindən ayrı qalan nəqliyyat əlaqələri şəraitində Naxçıvan öz potensialını lazım olduğu qədər üzə çıxara bilmirdi. Bu gün bu potensialın üzə çıxarılması vacibdir. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan Naxçıvanı hər zaman qanadları altında bərk saxlayıb. Azərbaycan, Türkiyə və İran arasında yerləşməsi Naxçıvanı gələcək əlaqələr baxımından da strateji nöqtəyə gətirir. Naxçıvanın məhz coğrafiyası onun strateji əhəmiyyətini daha da artırır. Nəqliyyat, logistika, ticarət və yükdaşımalar sahəsində əhəmiyyətli gəlirlərin əldə olunması baxımından Naxçıvan önəmli regiondur.

TRIPP çərçivəsində nəzərdə tutulan bağlantılar üçün Naxçıvan istiqamətində aparılan işlər sürətləndirilməlidir. Kommunikasiya layihələrinin bərpası təkcə yolları və dəmir yollarını əhatə etmir. Şübhəsiz ki, burada böyük bir iqtisadi proses yaranır. Bu iqtisadi prosesdə Azərbaycan mərkəzə gəlir ki, Naxçıvanın inkişafının stimullaşdırılması onun tranzit funksiyasının artmasına səbəb olur. Təbii ki, əgər Naxçıvanın potensialı tam şəkildə reallaşdırılarsa, o zaman bölgə sadəcə yüklərin daşınması baxımından deyil, onların qəbul olunması, saxlanılması, çeşidlənməsi və yeni istiqamətlərə yönləndirilməsi baxımından da praktiki əhəmiyyət kəsb edəcək”.

Ş.Həsənova əlavə edib ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat istiqamətlərinə inteqrasiyasının olması Naxçıvanın qarşısında yeni üfüqlər açır ki, nəticədə Azərbaycan Avrasiyanın nəqliyyat sistemində mövqeyini daha da gücləndirsin. Bu baxımdan Naxçıvanın inkişafı regionun inkişafının yeni mərhələsi deməkdir:

“Naxçıvan bu gün yeni dirçəliş dövrünü yaşayır. Bu da təsadüfi deyil. Söhbət mövcud infrastrukturun yenilənməsindən deyil, həm də regional sistemdəki Naxçıvanın funksiyasının dəyişməsindən gedir. Nəticə etibarilə, Azərbaycanın regional strategiyasında və qlobal siyasətində Naxçıvan önəmli yerə malikdir”.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir