Körfəz ölkələri husilərin Səudiyyəyə hüumlarını pisləyiblər
Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) xarci işlər nazirləri Bəhreyndə regional hadisələri, xüsusilə husilərin Səudiyyə Ərəbistanı ərazisinə hücumlarını müzakirə ediblər.
Xəbər Experti xəbər verir ki, KƏŞ Nazirlər Şurasının 168-ci iclasında iştirak edən rəsmilər hücumları pisləyib və Krallığın özünümüdafiə hüququnu dəstəkləyiblər.
Nazirlər Yəməndəki vəziyyətlə yanaşı, regionda gərginliyin artmasını, Ərəb körfəzi və Qırmızı dənizdə gəmiçiliyin azadlığına qarşı təhdidləri də müzakirə ediblər.
Nazirlər Şurasının iclasında çıxış edən Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əz-Zəyani Körfəz ölkələrinin Səudiyyə Ərəbistanı ilə həmrəyliyini və Krallığın özünümüdafiə hüququna dəstəyini vurğulayıb:
“Biz Səudiyyə Ərəbistanı Krallığı ilə həmrəyik və BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq onun ayrılmaz özünümüdafiə hüququnu dəstəkləyirik”.
O bildirib ki, Səudiyyə Ərəbistanının təhlükəsizliyi KƏŞ-ə üzv dövlətlərin təhlükəsizliyinin ayrılmaz hissəsidir, KƏŞ ölkələrinin təhlükəsizliyi isə regional və beynəlxalq təhlükəsizliyin əsas dayaqlarından biridir.
Bəhreynin XİN başçısı husilərin Səudiyyə Ərəbistanına qarşı terror hücumlarını, mülki şəxslərin, mülki obyektlərin və hava limanlarının qəsdən hədəfə alınmasını pisləyib. O, Kral Xalid Beynəlxalq Hava Limanına edilən hücuma da diqqət çəkərək, nəticədə 14 mülki şəxsin öldüyünü və 300-dən çox insanın yaralandığını qeyd edib.
Nazir deyib ki, bu hücumlar beynəlxalq hüququn və beynəlxalq mülki aviasiya haqqında Çikaqo Konvensiyasının kobud şəkildə pozulmasıdır. O, Bəhreynin bu hücumlara qarşı mübarizədə Səudiyyə Ərəbistanına qəti dəstəyini bir daha vurğulayıb.
KƏŞ-in Baş katibi Casim Məhəmməd əl-Budeyvi terrorçu qruplaşma üzvləri tərəfindən törədilən bu qəddar hücumları pisləyib. Bildirib ki, baş verənlər beynəlxalq səviyyədə təsirli tədbirlərin görülməsini zəruri edir.










