#Ölkə

Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) Sədrliyi çoxtərəfli diplomatiyanın uğurlarını nümayiş etdirəm mühüm faktorlardan biridir. 

Rəsmi Bakı siyasi və iqtisadi dialoqları artıran, qarşılıqlı hörmət və etimad mühiti yaradan, fəal əməkdaşlıq platformalarını quran və regional bağlantıları inkişaf etdirən mərkəz kimi AQEM-in müasir dünyada yerinin və nüfuzunun artmasında mühüm rol oynamaqdadır.
Bunun nəticəsi olaraq təşkilata üzv ölkələrin siyasi liderləri daim həmrəylik nümayiş etdirərək Azərbaycana yüksək dəyər verir, xüsusi rəğbətlərini ifadə edirlər.

Bakıda keçirilən AQEM-in 7-ci Zirvə Görüşündə əksər üzv ölkələrin ən ali – dövlət və hökumət başçıları səviyyəsində təmsil olunmaları isə bir daha ölkəmizə olan önəmin və dərin hörmətin bariz ifadəsi hesab oluna bilər.

Zirvə Görüşünə sədrlik edən Prezident İlham Əliyevin diqqətçəkən fikirləri isə qlobal və regional məsələləri daha geniş beynəlxalq çərçivədə nəzərdən keçirmək və təhlil etmək, sülh və sabitliyi, təhlükəsizliyi möhkəmləndirmək, əməkdaşlıq imkanlarını artırmaq baxımından mühüm hadisə kimi dəyərləndirilməlidir. 

Cənab Prezident ilk növbədə beynəlxalq hüququn fundamental prinsiplərinə toxunmaqla, Azərbaycanın davamlı olaraq bərabərhüquqluluq, daxili işlərə qarışmama, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin üstünlüyünə əsaslanan müstəqil xarici siyasət həyata keçirdiyini xatırlatdı. Bu xatırlatmanın arxasında dərin siyasi məzmun dayanır, çünki beynəlxalq birlik 30 il Azərbaycana qarşı bu məsələlərdə haqsızlıq edib.

35 il əvvəl müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmiş Ermənistanın təcavüzkar və etnik təmizləmə siyasətinə qarşı beynəlxalq səviyyədə ciddi bir addım atılmayıb. BMT-nin Təhlükəsizlik Şurası 30 il ərzində kağız üzərində qalan qətnamələrinin icrası üçün ciddi bir səy göstərməyib. Münaqişənin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun imitasiya xarakteri daşıyan fəaliyyəti faktiki olaraq İrəvanın işğalına haqq qazandırmaq olub. 

Beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin iki nümunəsi olan Avropa Parlamenti və Avropa Şurası davamlı təcavüz qurbanı olan Azərbaycanı hədəfə almaqla təcavüzkar Ermənistanı daha da həvəsləndirib, müxtəlif dövrlərdə ölkəmizin daxili işlərinə qarışıb. 
Dövlətlərarası münaqişələrin həlli məsələsində daim ikili standartlarla üzləşən Azərbaycan bu seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə təkbaşına çıxış edib. Dövlətimiz beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq ərazi bütövlüyünü və suverenliyini də təkbaşına təmin edib, separatizmə son qoyub. 

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir