#Ölkə

Bakıda Türkmənistanın Müstəqillik Günü qeyd edilib

Bakıda Türkmənistanın Müstəqillik Gününün 35-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib.

Xəbər Experti xəbər verir ki, qəbulda hökumət rəsmiləri, deputatlar, diplomatik korpus rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan və Türkmənistanın Dövlət himnləri səsləndikdən sonra çıxış edən Türkmənistan səfiri Qurban Elyasov deyib ki, Türkmənistanla Azərbaycan arasında bugünkü əlaqələr qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq üzərində qurulub. Türkmənistanın Azərbaycan Respublikası ilə əməkdaşlığı yaradıcı və etibarlı xarakter daşıyır və qarşılıqlı fayda və qarşılıqlı hörmət əsasında ardıcıl olaraq inkişaf edir.
Diplomat bildirib ki, Türkmənistan və Azərbaycanı yaxın siyasi baxışlar birləşdirir. Məhz buna görə də ölkələr beynəlxalq təşkilatlar və strukturlar çərçivəsində bir-birinin beynəlxalq təşəbbüslərini ardıcıl olaraq dəstəkləyirlər.

“Türkmənistan və Azərbaycan Xəzər regionunda əməkdaşlığın gücləndirilməsində böyük maraq göstərirlər. Xəzər regionu dünyanın siyasi mənzərəsində ən vacib və əhəmiyyətli bölgələrdən biri hesab olunur. Xəzər regionunun dünyanın geosiyasi xəritəsindəki əhəmiyyəti, ilk növbədə, regionun Avropa ilə Asiya arasında unikal mədəni və siyasi körpü olması ilə şərtlənir. Əlverişli coğrafi mövqe, zəngin enerji və təbii sərvətlərin mövcudluğu həm Xəzəryanı dövlətlərin, həm də Türkmənistanın və Azərbaycanın Avrasiyada və ümumiyyətlə dünya siyasətində strateji əhəmiyyətini artırıb. Məhz buna görə də Türkmənistan və Azərbaycan üçün Xəzər regionunun geosiyasi üstünlüklərindən istifadə etməyə yönəlmiş birgə layihələr həyata keçirmək üçün geniş imkanlar mövcuddur”, – Q. Elyasov vurğulayıb.

Əlavə edib ki, mədəni və humanitar sahə Türkmənistan-Azərbaycan münasibətlərinin ayrılmaz hissəsidir. Türkmənistanda və Azərbaycan Respublikasında qarşılıqlı Mədəniyyət Günlərinin, sərgilərin, festivalların və digər mədəni tədbirlərin müntəzəm keçirilməsi ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə töhfə verir. Keçən il oktyabr ayında Bakı və Gəncə şəhərlərində Türkmənistan Mədəniyyət Günləri, bu il isə iyunun 5-dən 7-dək Aşqabad və Arkadağ şəhərlərində Azərbaycan Mədəniyyət Günləri keçirildi. Arkadağ və Füzuli şəhərləri arasında qardaşlıq münasibətlərinin qurulması, eləcə də gələcək nəsillərin rifahı naminə iki dövlətin dostluğunu daha da gücləndirəcək təşəbbüslər və genişmiqyaslı birgə layihələr mənəvi yaxınlığın bariz əlamətidir.

Səfir vurğulayıb ki, Türkmənistan-Azərbaycan əlaqələri uzunmüddətli və konstruktiv əsasda bundan sonra da möhkəmlənəcəkdir: “Əminəm ki, biz birgə səylərlə Türkmənistan-Azərbaycan dostluq və tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə daha da genişlənməsini təmin edəcəyik. Bu, dost xalqlarımızın maraqlarına tam cavab verir və regionda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə öz töhfəsini verəcəkdir”.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistanın milli bayramı – Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb.  
 
Bildirib ki, ötən 35 ildə Türkmənistanın dayanıqlı və dinamik inkişaf yolu ilə irəliləyərək böyük nailiyyətlər əldə etməsi bizi daim sevindirir: “Azərbaycanla Türkmənistanı ortaq tarix, mədəniyyət, dostluq və qardaşlıq əlaqələri birləşdirir. Dövlət başçılarımız arasındakı yüksək etimad, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və mütəmadi yüksək səviyyəli qarşılıqlı səfərlər tərəfdaşlığımızın inkişafında xüsusi rol oynayır. Cari ilin 22-23 iyun tarixlərində Türkmənistan PrezidentiSərdar Berdiməhəmmədovun ölkəmizə dövlət səfəri çərçivəsində müxtəlif sahələrdə, o cümlədən iqtisadi əməkdaşlığa dair mühüm sənədlər imzalanıb, dövlət başçıları Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri ilə tanış olublar. Türkmənistan xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri  Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində inşa edilən məscid qardaş xalqlarımız arasındakı dostluğun rəmzidir.
 
8-9 oktyabr tarixlərində Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etdi. Bu, cənab Qurbanqulu Berdiməhəmmədovun tarixi təşəbbüsü və qardaş Mərkəzi Asiya ölkələrinin yekdil dəstəyi ilə ölkəmizin formatın tamhüquqlu üzvü kimi qatıldığı ilk Məşvərət görüşü idi. Bu görüş ölkəmizlə region dövlətləri arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından mühüm platformadır”.
 
Nazir deyib ki, Azərbaycan və Mərkəzi Asiya arasında əməkdaşlıq artıq yalnız ticarətin artırılması ilə məhdudlaşmır. Yeni mərhələ birgə investisiyalar, istehsal və xarici bazarlara çıxışın genişləndirilməsidir. Bunun üçün möhkəm baza var. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb, ölkəmizdə Mərkəzi Asiya kapitallı 400-dən çox şirkət fəaliyyət göstərir.

Ölkələrimizin əhəmiyyətli resurs potensialı var. Bu isə birgə müəssisələrin, sənaye komplekslərinin yaradılması və təbii ehtiyatların emalının həyata keçirilməsi üçün geniş imkanlar açır”.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir