#Dünya

“Səudiyyə Ərəbistanı istənilən fövqəladə vəziyyətə hazırdır” – Nazir

“Səudiyyə Ərəbistanı Krallığı təhlükəsizliyini təmin etmək və resurslarını qorumaq iqtidarında olan güclü dövlət olaraq qalacaq, quruculuq və inkişaf istiqamətində qətiyyətli siyasətini davam etdirəcək”.

Xəbər Experti xəbər verir ki, bunu ölkənın media naziri Salman Əl-Dossari brifinq zamanı deyib.

O, vətəndaşların və ölkədə yaşayan əcnəbilərin təhlükəsizliyinin Krallıq üçün əsas prioritet olduğunu vurğulayıb. Qeyd edib ki, istənilən fövqəladə vəziyyətə hərtərəfli cavab verilməsini təmin etmək üçün müxtəlif qurumlar arasında koordinasiya aparılır. Nazirin sözlərinə görə, Krallıq raket və pilotsuz uçuş aparatlarından qaynaqlanan təhdidlərə qarşı mübarizə aparmaq üçün qabaqcıl imkanlara malikdir.

Əl-Dossari ölkədə həyatın adi qaydada davam etdiyini bildirib. Əlavə edib ki, hazırlıq səviyyəsinin yüksəldilməsi narahatlıq əlaməti deyil, əksinə, dövlətin ehtimal dərəcəsindən asılı olmayaraq, müxtəlif ssenarilərə hazır olduğunu göstərir.

Nazir deyib ki, bütün dövlət qurumları hazırlıq səviyyəsini yüksəldib və əsas xidmətlərin fasiləsiz göstərilməsini təmin etmək üçün yenilənmiş cavab tədbirləri və fəaliyyətin davamlılığı planlarına uyğun işləyir. 

“Ölkənin inkişafı və insanların həyat keyfiyyətinin yaxşılaşdırılması hökumətin fəaliyyətinin əsas məqsədləridir. Krallığın insanların rifahına sadiqliyi ölkə ərazisində yaşayan hər kəsi — həm vətəndaşları, həm də əcnəbiləri əhatə edir”, – deyən nazir bu öhdəliyin nümunəsi kimi İki Müqəddəs Ocağın Xadimi Kral Salmanın ölkədə qanunsuz yaşayan Yəmən vətəndaşlarının hüquqi statusunun tənzimlənməsi üçün kampaniyaya başlanılması barədə göstərişini, həmçinin vəliəhd şahzadə Məhəmməd bin Salmanın qanvermə kampaniyasına start verməsini qeyd edib.

Əl-Dossari bildirib ki, 2026-cı ilin ilk yarısında 63 mindən çox Səudiyyə Ərəbistanı ailəsi ilk dəfə ev sahibi olub. Həmçinin son dövrdə qəbul edilən mühüm qərarları və əldə olunan nailiyyətləri nəzərdən keçirib. Bunlara Nazirlər Kabinetinin dövlət satınalmaları haqqında yeni qanunu təsdiqləməsi və şəhərlərarası sərnişindaşıma xidmətlərinin genişləndirilməsini dəstəkləmək məqsədilə Səudiyyə Dəmir Yolları şirkətinin 10 yeni sərnişin qatarının alınmasının maliyyələşdirilməsi barədə müqavilə imzalaması daxildir.

Nazir bildirib ki, İnsan Resurslarının İnkişafı Fondu (HADAF) cari ilin ilk yarısında 329 min Səudiyyə Ərəbistanı vətəndaşının işlə təmin olunmasına töhfə verib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23 faiz artım deməkdir.

Əl-Dossari, həmçinin Cəbəl Sayid layihəsi ərazisində aparılan kəşfiyyat işləri nəticəsində nadir torpaq elementləri ilə zəngin, təxminən 114 milyon ton filiz ehtiyatının müəyyən edildiyini, eləcə də uranın mövcudluğuna dair perspektivli əlamətlərin aşkarlandığını bildirib. Enerjinin saxlanması layihələrinin dəyərinin 4,5 milyard Səudiyyə rialına, su sənayesinin lokallaşdırılması və sənaye istehsalı mərhələsinə keçirilməsi üzrə investisiyaların isə təxminən 2,8 milyard riala çatdığını qeyd edib.

Nazir Krallığın “Sağlam şəhərlər” proqramında lider mövqeyini möhkəmləndirmək istiqamətində səylərini yüksək qiymətləndirib. 

Əl-Dossari bildirib ki, Səudiyyə Ərəbistanı rəqəmsal hökumət xidmətlərinin yetkinlik indeksində region üzrə ardıcıl dördüncü dəfə birinci yeri tutub və ümumi qiymətləndirmədə 99 faiz nəticə əldə edib.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir