“Məktəb siyasi və dini təhdid meydanı deyil, təhsil və tərbiyə ocağıdır”
“Azərbaycan müstəqil, hüquqi və dünyəvi dövlətdir. Bu dövlətin qanunları, konstitusion prinsipləri və milli maraqları var. Məktəb siyasi və dini təhdid meydanı deyil, elm, təhsil və tərbiyə ocağıdır. Vahid məktəbli geyimi ilə bağlı qaydalar da qanunvericilik çərçivəsində müzakirə və tətbiq edilməlidir. Heç bir xarici siyasi mərkəz, heç bir ideoloji qrup Azərbaycan xalqının iradəsini öz maraqlarına tabe etdirə bilməz. Fikir ayrılığı qanuni müstəvidə ifadə oluna bilər, lakin azyaşlıları qanunsuz fəaliyyətə sövq etmək heç bir siyasi məqsədlə əsaslandırıla bilməz”.
Bunu təhsil eksperti Əmrah Həsənli bildirib. Ekspert vurğulayıb ki, Azərbaycanın sabitliyi siyasi eksperiment meydanı deyil. Dövlətçilik maraqları şəxsi ambisiyalardan, xarici təsirlərdən və ideoloji hesablaşmalardan üstündür:
“Azərbaycan dövlətinin gələcəyi xaricdən verilən çağırışlarla deyil, xalqımızın iradəsi, qanunun aliliyi və milli maraqlarımız əsasında müəyyən olunur. Övladlarımızın yeri siyasi təxribatların önündə deyil, məktəb partası arxasındadır. Dövlətin gələcəyi gənclərin manipulyasiya edilməsində deyil, onların savadlı, azad düşüncəli və məsuliyyətli vətəndaş kimi yetişməsindədir”.










