#Dünya

“Yəmənin krallığa hücumlar üçün platformaya çevrilməsinə imkan verməyəcəyik” – Diplomat

“Səudiyyə Ərəbistanı Yəmənin Krallığa qarşı hücumlar və ya Qırmızı dənizdə gəmiçiliyə təhdidlər üçün platformaya çevrilməsinə imkan verməyəcək”. 

Xəbər Experti xəbər verir ki, bunu ölkənin BMT-dəki daimi nümayəndəsi Əbdüləziz Əlvasil BMT Təhlükəsizlik Şurasında bildirib.

Yaxın Şərqdəki vəziyyətlə bağlı keçirilən fövqəladə iclasda çıxış edən Əlvasil husilərin Səudiyyə Ərəbistanının şəhərlərinə, hava limanlarına və həyati əhəmiyyətli infrastrukturuna hücumlarını intensivləşdirdiyi bir vaxtda Krallığın suverenliyini və vətəndaşlarını qorumaq üçün bütün zəruri tədbirləri görəcəyini bir daha vurğulayıb.

“Krallıq təsdiq edir ki, Yəmənin onun təhlükəsizliyinə, Qırmızı dənizdə və Bab əl-Məndəb boğazında gəmiçiliyin azadlığına təhdidlər üçün əməliyyat meydanına çevrilməsinə imkan verməyəcək”, – diplomat bildirib.

Əlavə edib ki, Yəmənin və regionun taleyini terrorçu qruplaşmanın güc yolu ilə müəyyən etməsini də qəbul edə bilmərik.

Əlvasil Səudiyyə Ərəbistanının öz ərazisini müdafiə etmək və yeni hücumların qarşısını almaq hüququnu bir daha təsdiqləyib. Bununla yanaşı, o, Ər-Riyadın Yəməndəki münaqişənin siyasi yolla həllinə sadiq qaldığını vurğulayıb.

“Səudiyyə Ərəbistanı həmişə sülhə bütün digər variantlardan üstünlük verib”, – o bildirib. Husiləri diplomatik təşəbbüsləri rədd etməkdə və hərtərəfli siyasi həllə nail olmağa yönəlmiş səylərə mane olan hərbi eskalasiyanı seçməkdə ittiham edib.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir